Əllər və rənglər (film, 1974)
Filmin süjeti təzadlar üzərində qurulmuşdur. Burada rəssam Toğrul Nərimanbəyovun "Xoşbəxtlik", "Həyat Naminə" rəngkarlıq əsərləri gözlərimiz önündə canlanır. Onu xalça toxuyan qızın əlləri əvəz edir. Heykəltəraşın yeni əsər üzərində necə həvəslə işlədiyini görürük. Bu vaxt ekranda xronikal kadrlar nümayiş etdirilir. Hitlerçilər minlərlə günahsız insanları güllələyir, asırlar. Onların əlləri qana batır. Yenidən ekranda rəssamlarımızdan Kamil Nəcəfzadənin "Analıq", Toğrul Nərimanbəyovun "Şəhər Bazarı", R.Babayevin "Çayçı" əsərləri nümayiş etdirilir. Bu gözəl əsərləri birdən-birə Vyetnam müharibəsi əvəz edir. Göydən yerə bombalar yağış kimi yağdırılır, kəndlər yandırılır, qadınlar, uşaqlar, qocalar məhv edilir, qan su yerinə axıdılır.